Hərf səhvi 1 milyard dollara yaxın pulun oğurlanmasına mane oldu

11.03.2016

Orfoqrafik səhv hakerlərin Banqladeş Mərkəzi Bankının Nyu York Federal Rezerv Bankında saxlanılan hesablarından 1 milyard dollara yaxın pul oğurlamasına mane olub. İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, buna baxmayaraq, naməlum hakerlər hesablardan 80 milyon dollardan çox pul çıxara biliblər.

Oğurluq fevralın əvvəllərində baş verib. Kibercinayətkarlar Banqladeş Mərkəzi Bankının sisteminə daxil olaraq Filippin və Şri-Lankada yerləşən müxtəlif təşkilatların hesablarına pul köçürülməsi üçün 30-a yaxın sorğu veriblər. İlk 4 sorğu təsdiqlənib və 81 milyon dollar köçürülüb. Lakin “Shalika Foundation” adlı qeyri-kommersiya təşkilatının hesabına 20 milyon dollar pul köçürülməsini nəzərdə tutan beşinci sorğu ödənişin həyata keçirildiyi “Deutsche Bank”ın mütəxəssislərində şübhə yaradıb. Bank işçiləri “foundation” əvəzinə sorğuda “fandation” yazıldığını fərq ediblər. Bu yanlılıq onları dəqiqləşdirmə aparmaq məqsədilə Banqladeş Mərkəzi Bankı ilə əlaqə yaratmağa sövq edib. Nəticədə fırıldaq üzə çıxıb və qalan sorğular ləğv edilib.

Hakerlər ümumilikdə 850-870 milyon dollar oğurlamaq istəyirmiş.

Banqladeş Mərkəzi Bankı oğurlanmış vəsaitin bir hissəsini geri qaytarmağa nail olduqlarını açıqlayıb. Filippin hüquq-mühafizə orqanları ilə birgə iş davam etdirilir.

Yeniliklərdən xəbərdar olun